SİYASƏT
BMT-nin Baş Katibi Beynəlxalq Qadınlar Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət etmişdir
Bakı, 8 mart (AZƏRTAC). BMT-nin Bakıdakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, təşkilatın Baş Katibi Pan Gi Mun 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət etmişdir.
Müraciətdə yüz il əvvəl radikal ideyalar hesab olunan gender bərabərliyi və qadınlara geniş səlahiyyətlərin verilməsi istiqamətində bəşəriyyətin geniş inkişaf yolu keçdiyi qeyd olunur. Bununla belə təəssüf hissi ilə vurğulanır ki, bir çox ölkələrdə və cəmiyyətlərdə qadınlar hələ də “ikinci növ” vətəndaş hesab edilir. Hələ də minlərlə qızı məktəbə getməkdən məhrumdur, onlar bir çox hallarda qəbuledilməz diskriminasiya və zorakılığa məruz qalırlar, cəmiyyətdə müdafiəsizdirlər, münaqişə zonalarında qadınlar sistemli şəkildə cinsi zorakılığa məruz qalırlar.
Münaqişə zamanı cinsi zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi, bu kimi halların qarşısının alınması, sülhün yaradılması və qorunması işinin bütün sahələrinə qadınları cəlb etməyin vacibliyinin vurğulandığı müraciətdə qadın, sülh və təhlükəsizlik haqqında Təhlükəsizlik Şurasının 1325 nömrəli tarixi qərarının həyata keçirilməsi üçün beynəlxalq səviyyədə getdikcə artan qətiyyət nümayiş etdirildiyi əksini tapmışdır.
Bildirilir ki, təcili olaraq nəzərə çarpan irəliləyişlərə ehtiyac duyulan digər bir sahə isə qadın və uşaq sağlamlığıdır. Minilliyin İnkişaf Məqsədləri üzrə 2010-cu ilin sentyabr Sammiti bu məsələnin əhəmiyyətini bir daha təsdiq etmiş, üzv dövlətlər və xeyriyyə cəmiyyətləri növbəti dörd il ərzində insan həyatını xilas etmək, həmçinin qadın və uşaq sağlamlığını yaxşılaşdırmaq istiqamətində qlobal strategiyanı dəstəkləyəcəklərinə söz vermişlər.
Bildirilmişdir ki, dünyanın bəzi ölkələrində qadınlar parlamentlərdə öz layiqli yerlərini tutmuşlar. Bununla belə, dünya ölkələrinin 10 faizindən də azında hökumət və ya dövlət başçısı qadındır.
Bu ilki Beynəlxalq Qadınlar Gününün diqqəti hər kəs üçün təhsil, təlim, elm və texnologiyaya yönəlmişdir. Təhsil və təlim qadınlara yoxsulluğun mühasirəsini yarmaq, ədalətsizliklə mübarizə aparmaq və öz hüquqlarından faydalanmaqda kömək edə bilər. Bu il Gender Bərabərliyi və Qadınlara Səlahiyyət Verilməsi üzrə BMT orqanı – “BMT Qadınları”nın fəaliyyətə başlaması məqsədimizə çatmaq üçün bu sahədə gördüyümüz işləri genişləndirmək niyyətində olduğumuzu göstərir. Yalnız ictimai və özəl həyatın bütün sahələrində qadınlara tam və bərabər iştirak imkanı verildiyi halda BMT Nizamnaməsində vəd edilən davamlı, dinc və ədalətli cəmiyyət quracağımıza ümid edə bilərik.