DÜNYA
BMT-nin komissarı ABŞ-ı Quantanamodakı həbsxananı bağlamağa çağırmışdır
Bakı, 6 aprel (AZƏRTAC). BMT-nin insan hüquqları üzrə ali komissarı Quantanamo həbsxanasında məhkumların saxlanması rejimini beynəlxalq hüququn aşkar şəkildə pozulması adlandırmış və ABŞ hökumətini xüsusi həbsxananı bağlamağa çağırmışdır.
Navanethem Pilley bəyan etmişdir ki, ABŞ hökumətinin dəfələrlə bunu öz üzərinə öhdəlik kimi götürməsinə baxmayaraq Quantanamodakı həbsxananı bağlamaq iqtidarında olmaması məni çox məyus etmişdir. O, bildirmişdir ki, həbsdə saxlanılan 166 məhkumdan təxminən yarısının təhlükə yaratmadığı ABŞ hökuməti tərəfindən etiraf edilmişdir və bu da onların öz vətənlərinə qayıtmalarına yol açır. Lakin buna baxmayaraq onlar hələ də həbsxanada qalırlar. Digər məhbuslar da müddətsiz cəza çəkirlər. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən ciddi təşvişə səbəb olur və insan hüquqlarının pozulmasının tərəfdarı olduğu fikrini yaratmaqla ABŞ-ın mövqeyini sarsıdır.
ABŞ-ın Kubadakı hərbi-dəniz donanmasının bazasında yerləşən Quantanamo həbsxanasında artıq ikinci aydır ki, məhkumların kütləvi aclığı davam edir. Dustaqların vəkilləri baş verənlərlə bağlı Pentaqonun yeni rəhbəri Çak Heygelə şikayət etmişlər.
N.Pilley aclığı ümidsizlik jesti adlandırmışdır. Adamların bu həbsxanada düşdüyü qeyri-müəyyən vəziyyəti nəzərə alsaq, insanların ümidsizliyinin bütün sərhədləri aşması və onların qəti tədbirlərə əl atması əsla təəccüblü deyildir.
ABŞ Prezidenti Barak Obama bu vəzifəyə seçiləndən dərhal sonra bir il ərzində Quantanamodakı həbsxananın bağlanması haqqında fərman imzalamışdır. Lakin ABŞ-ı hüquq müdafiəçilərinin kəskin tənqid hədəfinə çevirən həmin həbsxana bu günədək mövcuddur.