SİYASƏT
BMT-nin saytında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılışı ilə bağlı geniş məlumat yerləşdirilib
Bakı, 27 aprel, AZƏRTAC
BMT-nin saytında təşkilatın Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında Bakıda keçirilən VII Qlobal Forumunun rəsmi açılışı ilə bağlı ətraflı məlumat yerləşdirilib.
Yazıda dünyanın müxtəlif ölkələrindən 2 min 500 nəfərin, o cümlədən dövlət və hökumət başçıları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, gənclərin iştirakı ilə keçirilən toplantının əhəmiyyəti vurğulanır. Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışına istinadən qeyd edilir ki, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Ölkəmiz Şərq və Qərb arasında coğrafi körpü olmaqla yanaşı, həm də mədəniyyət körpüsü rolunu oynayır. Vurğulanır ki, əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində birgə yaşayıblar.
Məlumatda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin fikirlərinə də yer ayrılıb. Onun sözlərinə görə, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında münasibətlərin gücləndirilməsinə yönələn mühüm addımdır. Bakı isə bu tədbirə ev sahibliyi etmək üçün ən münasib məkandır.
Yazıda BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına videomüraciəti, eləcə də İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallonun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitatlara da yer ayrılıb.