İDMAN
BMT OLİMPİADA MÜDDƏTİNDƏ BÜTÜN HƏRBİ MÜNAQİŞƏLƏRİ DAYANDIRMAĞA ÇAĞIRIR
Bakı, 12 fevral (AZƏRTAC). BMT-nin Baş Məclisi və baş katib Pan Gi Mun Vankuverdə fevralın 12-dən 28-dək keçiriləcək Olimpiya oyunları və martın 12-dən 28-dək keçiriləcək Paralimpiya oyunları dövründə hərbi əməliyyatları dayandırmağa çağırmışdır. Bu çağırış Baş Məclisin sədri Əli Əbdülsalam Trekinin bəyanatında və Pan Gi Munun xüsusi müraciətində səslənmişdir.
BMT hələ keçən il oktyabrın 20-də Baş Məclisin plenar iclasında müvafiq qətnamə qəbul edərək Vankuver Olimpiadası dövründə barışığa çağırmışdır.
Baş Məclisin sədri vurğulamışdır: “Mən BMT üzvü olan bütün dövlətlərə rəsmən müraciət edərək, onları 2010-cu ildə Vankuverdə keçiriləcək Qış Olimpiya və Paralimpiya oyunları dövründə olimpiya barışığına sadiqlik nümayiş etdirməyə və olimpiya barışığı ruhunda sülh mədəniyyəti və harmoniyanı inkişaf etdirmək və möhkəmləndirmək məqsədi ilə yerli, milli, regional və beynəlxalq səviyyələrdə konkret tədbirlər görməyə çağırıram”.
BMT-nin baş katibi də öz növbəsində Olimpiya ilində vədlərlə əməli işlər arasında uyğunsuzluğu aradan qaldırmağa çağırmışdır.
Pan Gi Munun müraciətində deyilir: “Barışıq belə bir dəhşətli paradoksa diqqəti cəlb edir: Biz tamamilə haqlı olaraq Olimpiadada və bütün il boyu insanın və onun bədəninin görkəmli nailiyyətlərinə, eləcə də idman yarışlarına xas olan komanda ruhu və düzlük kimi müsbət sosial dəyərlərə ehtiram nümayiş etdiririk. Eyni zamanda, qanlı müharibələrin gedişində biz çox vaxt həm insanları, həm də bizim ortaq dəyərlərimizi məhv edirik”.