İDMAN
Boks üzrə Azərbaycan milli komandasının iki üzvü Avropa birinciliyində yarımfinala vəsiqə qazanıb
Bakı, 24 iyul (AZƏRTAC). Yeniyetmə və gənc qızlar arasında İtaliyanın Assisi şəhərində keçirilən boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandamızın iki üzvü – Məryəm Cəbrayılova və Alina Hacıyeva (81 kq) yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medalı təmin ediblər. M.Cəbrayılova dörddəbir finalda irlandiyalı Klara Şidi üzərində qələbə qazanıb. Boksçumuz yarımfinalda İtaliya təmsilçisi Florida Monika ilə üz-üzə gələcək.
Alina Hacıyeva isə finala gedən yolda Ukrayna idmançısı Anastasiya Stankeviçlə qarşılaşacaq. Digər boksçumuz Aliyə Vəlizadə (54 kq) isə ilk görüşdən mübarizəni dayandırıb.
Yarımfinal oyunları iyulun 26-da, final qarşılaşmaları isə bir gün sonra keçiriləcək.