İDMAN
Boksçumuz Yelena Vıstropova İngiltərədə təlim-məşq toplanışında iştirak edəcəkdir
Bakı, 22 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan boksçusu Yelena Vıstropova (75 kq) Çin Xalq Respublikasının Quançjao şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanmaqla Olimpiya Oyunlarına lisenziya da əldə etmişdir.
AZƏRTAC xəbər verir ki, Çində Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Rizvan Gənciyev Yelena Vıstropovanın ümidləri doğrultduğunu demişdir. O, bildirmişdir ki, biz inanırdıq ki, boksçumuz London Olimpiya Oyunlarına vəsiqə qazanacaqdır. Ancaq bunun üçün 5 döyüşdə qalib gəlmək lazım idi. Dünya çempionatı kimi yarışda bu çox çətin olur. 75 kq çəki dərəcəsində Avropa qitəsinə yalnız 3 lisenziya verilirdi. Buna baxmayaraq, boksçumuz ümidləri doğrultdu.
R.Gənciyev qeyd etmişdir ki, iki il ərzində çəkdiyimiz əziyyət, təlim-məşq toplanışları, ağır məşqlər hədər getmədi. Y.Vıstropova bütün döyüşlərdə inamlı təsir bağışladı. Yarışda iki dünya çempionunu məğlub etdi. Bütün mütəxəssislər boksçumuzun çıxışını yüksək qiymətləndirdilər. Hətta İngiltərə milli komandasının baş məşqçisi Olimpiya Oyunları öncəsində onlarla məşq etməyimiz üçün bizi Londona dəvət etdi. Biz də bu təklifi müsbət cavabladıq. Bizə hər cür dəstək göstərdiyinə görə, federasiya prezidenti Kəmaləddin Heydərova təşəkkür edirik.
Azərbaycanda qadın boksunun yeni inkişaf etdiyini diqqətə çatdıran R.Gənciyev ona görə də bütün təlim-məşq toplanışlarının ölkə xaricində keçirildiyini bildirmişdir.