İQTİSADİYYAT
Bolqarıstan “Nabucco West” qaz kəmərinin öz ərazisindən keçən marşrutunu müəyyən etmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Bolqarıstan “Nabucco West” magistral qaz kəmərinin (MQK) ölkə ərazisindən keçməsi yolunu müəyyənləşdirmişdir.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu qərar onun ekologiyaya və təbiətə təsiri barədə Bolqarıstanın Ətraf Mühiti Mühafizə Nazirliyinin ekspertləri tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunmuşdur. İndi qazın nəqli yolunun müəyyənləşdirilməsində “Şahdəniz” yatağından istifadə edilməsi layihəsinin iştirakçıları tərəfindən son investisiya qərarının qəbul edilməsi gözlənilir. Bu qərar 2013-cü ilin iyununda qəbul olunacaqdır.
Magistral qaz kəmərinin başlanğıc nöqtəsi Bolqarıstan-Türkiyə sərhədi yaxınlığında yerləşən Stranca kəndi, son nöqtəsi isə Dunay çayı boyunca Rumıniya ilə sərhəddə yerləşən Oryaxovo şəhəri olacaqdır. MQK-nin uzunluğu 422 kilometr olacaqdır. “Nabucco West” MQK-nin ən yüksək nöqtəsi Staraya Planina rayonunda (Balkan yarımadası) dəniz səviyyəsindən 770 metr, ən aşağı nöqtəsi isə Dunay ovalığında 25 metr yüksəkdədir. “Nabucco West” kəmərinin uzunluğu Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinədək 1,3 min kilometrdir. “Nabucco West” MQK-nin Bolqarıstandakı sahəsinin uzunluğu 412 kilometr, Rumıniyada - 460 kilometr, Macarıstanda - 384 kilometr, Avstriyada - 47 kilometr təşkil edir.
Bolqarıstan ərazisində MQK-nin çəkilməsinin dəyəri təqribən 300-350 milyon avrodur. Azərbaycan qazının bu kəmərlə 2018-ci ildə Avropaya çatdırılacağı gözlənilir.
Bolqarıstan öz ərazisində “Nabucco West” MQK layihəsinin həyata keçirilməsinə 2013-cü ilin ortalarında başlamağı nəzərdə tutur. Təbii qaz MQK-nin bütün layihələrinə çatmaya da bilər, buna görə də “Nabucco West” MQK-nin səhmdarları layihəyə “Şahdəniz” qaz-kondensat yatağı (QKY) layihəsinin səhmdarlarını cəlb edəcəklər. Əgər “Şahdəniz” QKY-nin səhmdarları Azərbaycan qazının Aİ-yə ixracı üçün “Nabucco West” MQK-dən istifadə etməyə razılıq versələr, onda bu layihədə 50 faiz pay əldə edəcəklər.
Qeyd etmək lazımdır ki, 2013-cü il aprelin 1-də “Şahdəniz” konsorsiumu Azərbaycan qazının “Nabucco West” MQK ilə nəql edilməsi barədə təkliflər almışdır. Təklifdə deyilir ki, “Nabucco West” cənub-şərqi Avropa bazarlarına çıxmaq üçün ən qısa yoldur.