İQTİSADİYYAT
Borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır
Bakı, 6 avqust (AZƏRTAC). “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 8-dən saat 12.00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.
Səhmdar cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, borcunu qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcəkdir. Abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gündə mümkün olacaqdır. Elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problemin yaranmaması üçün onlardan istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur.
Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet sayt (www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilir.