BORİS KLİMÇUK: “UKRAYNA GUAM-DAN İMTİNA ETMƏYƏCƏKDİR”
Bakı, 22 aprel (AZƏRTAC). Ukrayna, çox güman ki, GUAM-dan imtina etməyəcəkdir. Bunu Ukraynanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan səfiri Boris Klimçuk aprelin 22-də keçirdiyi mətbuat konfransında bildirmişdir.
O demişdir: “GUAM özünün bütün üzvləri üçün son dərəcə faydalı təşkilatdır. Buna görə də, məncə, bizim ölkəmiz ondan imtina etməyəcəkdir”.
B.Klimçuk GUAM çərçivəsində bu təşkilatın üzvü olan bütün ölkələr üçün sərfəli əməkdaşlıq sahələri axtarmaq lazım olduğunu vurğulayaraq demişdir: “Məncə, maliyyə-iqtisadi sahədə təmas nöqtələri daha çoxdur”.
Diplomatın sözlərinə görə, Ukrayna NATO-ya və Avropa İttifaqına daxil olmaq niyyətini də dəyişməmişdir. O demişdir: “Bizim NATO ilə əməkdaşlığa aid proqramlarımız çoxdur və biz onların həyata keçirilməsini davam etdirəcəyik. Bizim bu təşkilatlara daxil olmağımız məsələsinə gəldikdə isə deməliyəm ki, biz buna hazır deyilik”.
B.Klimçuk Ukraynada həyatın bütün sahələrində islahatların davam etdirilməsinin zəruri olduğunu vurğulayaraq qeyd etmişdir ki, bu islahatlar gələcəkdə ölkəni Aİ və NATO tələblərinə və standartlarına uyğunlaşdıracaqdır.