ELM VƏ TƏHSİL
Botanika İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ-ın Botanika Bağlarının Bitki Toplanılması Əməkdaşlığı Təşkilatının üzvləri, Çikaqo Botanika Bağının direktoru Filip Duqlas və İsveçrənin Aqrar Elmlər Universitetinin professoru Henrik Sjöman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olublar.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi 2017-ci ildə AMEA-nın Botanika İnstitutu və Botanika Bağlarının Bitki Toplanılması Əməkdaşlığı Təşkilatı arasında bağlanmış memorandum çərçivəsində həyata keçirilən birgə layihələrin müzakirəsi idi.
Görüşdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə qonaqlara müəssisənin beynəlxalq layihələri və elmi-tədqiqat işləri barədə məlumat verib. Bundan əlavə, müştərək tədqiqatların aparılması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub.
Qonaqlar, həmçinin institutda fəaliyyət göstərən laboratoriyalar və Herbari fondu ilə tanış olublar.
Səfər müddətində xarici alimlərin iştirakı ilə Lənkəranın meşə ekosistemində “Quercus castaneifolia” və “Parrotia persica” ağac növlərini müşahidə etmək məqsədilə müştərək ekspedisiya həyata keçirilib.
Sonda Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan seminarda qonaqlar apardıqları tədqiqatların nəticələri ilə gəncləri tanış ediblər.