SİYASƏT
Böyük Britaniya və Kanadada yaşayan azərbaycanlılar İran hakimiyyətinə qarşı nümayişlər keçirmişlər
Bakı, 22 may (AZƏRTAC). Mayın 20-də Böyük Britaniyada yaşayan azərbaycanlılar İranın Azərbaycanın daxili işlərinə qarışması və İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarının pozulmasına etiraz əlaməti olaraq Londonda nümayiş keçirmişlər.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya hökumətinin binası önündə keçirilən etiraz aksiyasında fars rejiminin irqçi və işğalçı siyasəti qınanmış və müxtəlif şüarlar səsləndirilmişdir. Heç bir insident baş vermədən davam edən aksiya bəyanatın oxunması ilə sona çatmışdır.
Oxşar aksiya Kanadada yaşayan azərbaycanlılar tərəfindən də keçirilmişdir. Kanadanın Toronto şəhərinin mərkəzində keçirilən və iki saat davam edən etiraz aksiyasında azərbaycanlılarla yanaşı, türklər də iştirak etmişlər. Nümayişçilər İranın azərbaycanlılara qarşı apardığı diskriminasiya siyasətinə, onların doğma ana dilinin məhvinə yönəlmiş addımlarını qətiyyətlə pisləmiş, bu ölkədə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının kobud surətdə pozulduğuna dair ingilis dilində məlumatları əks etdirən vərəqələri ictimaiyyət nümayəndələrinə paylamışlar.
Ötən şənbə və bazar günləri İranın Azərbaycanın daxili işlərinə qarışmasına və İranda yaşayan azərbaycanlıların hüquqlarının kobud surətdə pozulmasına etiraz əlaməti olaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən keçirilən kütləvi aksiyaların sayı 10-a çatmışdır.
Aksiyalar bu həftə də davam etdiriləcəkdir.