RƏSMİ XRONİKA
BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB QORDON BRAUNA
Hörmətli cənab Baş nazir,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Çox şadam ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bu gün dinamik şəkildə inkişaf etməkdədir.
Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının hasilatı və onların dünya bazarlarına nəqli məqsədi ilə transmilli nəqliyyat infrastrukturunun yaradılması sahəsində hökumətlərimizin, ölkələrimizi təmsil edən şirkətlərin birgə işi və əməkdaşlıq zəminində qazandığımız nailiyyətlər məmnunluq doğurur.
Ümidvaram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Cənab Baş nazir, bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 iyun 2007-ci il.