CƏMİYYƏT
Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib
Bakı, 29 iyun, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin iyunun 29-u saat 9:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin iyunun 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Zaqatalada 27, Balakəndə 17, Oğuzda 11, Astarada 8, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 millimetrədək olub.
Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 metr/saniyəyədək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°, Naxçıvan Muxtar Respublikasında 35°, Aran rayonlarında 31°, dağlıq rayonlarda 20°-dək isti olub.