İQTİSADİYYAT
bp-nin mütəxəssisi SOCAR-ın Qobustan regional təlim mərkəzində mühazirə oxuyub
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris Və Sertifikatlaşdırma İdarəsinin Qobustan regional təlim mərkəzində (QRTM) bp şirkətinin mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idarənin rəisi Fuad Süleymanov bp şirkətinin Davamlı İnkişaf Təşəbbüsləri çərçivəsində təlim mərkəzində 10 aylıq fəhlə kadrların hazırlanması proqramının icrası ilə əlaqədar yerinə yetirilən təlim-tədris prosedurları ilə yanaşı, öyrənmə mühiti və dinləyicilərin dərslərə münasibəti barədə danışıb.
Sonra bp-nin mütəxəssisi Rəşad Bayramov “Uğurlu işə qəbul müsahibələrinin sirləri” mövzusunda mühazirə ilə çıxış edib, Bakıda fəaliyyət göstərən yerli və xarici şirkətlərdə işəgötürmə üzrə müsahibələrin gedişində tətbiq olunan yanaşma metodları, namizədlərə qoyulan tələblər, ixtisas və peşə qabiliyyətinin yoxlanılması, davranış meyarları və sair məsələlərə dair ətraflı məlumat verib.
Daha sonra dinləyicilərin sualları cavablandırılıb, habelə mərkəzdə təlim-tədris və praktiki öyrənmə prosesini əks etdirən videoçarx nümayiş etdirilib.
Seminar iştirakçılarına sertifikatlar təqdim olunub.