DÜNYA
Britanyadan təkrar emal üçün xaricə göndərilən məişət tullantılarının çox hissəsindən təyinatı üzrə istifadə olunmadığı aşkarlanmışdır
London, 6 aprel (AZƏRTAC). Britanyadan təkrar emal üçün xaricə göndərilən məişət tullantılarının çox hissəsindən təyinatı üzrə istifadə olunmadığı aşkarlanmışdır.
“Daily Mail” qəzetinin verdiyi xəbərə görə, britaniyalı ailələr tərəfindən təkrar emal üçün xüsusi diqqətlə çeşidlənmiş milyon tonlarla ölçülən məişət tullantılarının çox hissəsi xaricə göndərildikdən sonra anbarlarda saxlanılır və ya torpağa basdırılır.
Britanyanın təkrar emal üçün məişət tullantıları göndərdiyi ölkələr sırasında Çin, Hindistan və İndoneziya üstünlük təşkil edir.
Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı nazirlikləri təkrar emal üçün hər il xaricə göndərilən 12 milyon ton məişət tullantısının aqibətini izləməyin mümkün olmadığını açıqlamışdır.
Məsələ ilə bağlı, Birləşmiş Krallıq da daxil olmaqla, Avropa İttifaqının müvafiq qurumları xəbərdarlıq edilmiş, toplanılan məişət tullantılarının keyfiyyətinin yaxşılaşdırılması və təkrar emalı üçün göndərilən ölkələrdə aqibəti ilə maraqlanılması bildirilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London