İQTİSADİYYAT
Bu gün Azərbaycan əhalisinin 70 faizi internet, 50 faizi isə genişzolaqlı xidmət istifadəçisidir
Bakı, 25 avqust (AZƏRTAC). Ötən illər ərzində diqqət mərkəzində olan əsas amillərdən biri də internetin keyfiyyətinin və sürətinin yüksəldilməsi olmuşdur. Bu kontekstdə son 10 ildə hər 100 nəfərə düşən internet istifadəçiləri 14 dəfə artmış, beynəlxalq internet kanallarının ümumi tutumu isə dəfələrlə çoxalmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə müsahibəsində demişdir.
Ə. Abbasov bildirmişdir ki, həyata keçirilən tədbirlər fonunda Azərbaycan artıq internet trafikinin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir. Bu gün ölkə əhalisinin 70 faizi ümumi internetin, 50 faizi isə internetin genişzolaqlı xidmətinin istifadəçisidir. Hazırda hədəflərimizdən biri də genişzolaqlı internetin inkişafıdır. Bunun üçün reallaşdırılması nəzərdə tutulan “Azərbaycanda milli genişzolaqlı internetin inkişafı” layihəsi 2012-ci ildə Azərbaycan Prezidentinin hər bir kənd və yaşayış məntəqəsinin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün hazırlanmışdır. Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə “Hər evə optika” prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində əhalinin 2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə təmin ediləcəyi nəzərdə tutulmuşdur.