ELM VƏ TƏHSİL
Bu gün DİM tərəfindən müxtəlif imtahanlar keçirilir
![Bu gün DİM tərəfindən müxtəlif imtahanlar keçirilir](/files/2021/2/1200x630/16251254914479740255_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 1-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəranda imtahanlar keçirilir.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, bu gün əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilir.
İmtahanlar saat 11:00-da başlanıb. Bugünkü imtahanlarda 17 min 12 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlarda, həmçinin 32 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 76 imtahan binası, 1294 imtahan zalı ayrılıb. İmtahanın idarəolunmasına 76 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 1615 nəzarətçi-müəllim, 152 buraxılışı rejimi əməkdaşı (mühafizə), 76 bina nümayəndəsi ayrılıb.