İDMAN
Buxarestdə “Heydər Əliyev” kuboku uğrunda futzal çempionatı keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Buxarest şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev” kuboku uğrunda idmanın futzal növü üzrə turnir keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, Böyük Britaniyada fəaliyyət göstərən “Odlar yurdu“ Cəmiyyəti ilə birgə təşkil olunmuş çempionat iştirakçıları əvvəlcə, ulu öndərin Buxarest şəhərindəki “Tei” parkında ucaldılmış abidəsini ziyarət etmiş, önünə əklil qoymuşlar.
Turnirin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs olunmuş, Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, həmçinin Avropanın bir nömrəli musiqi yarışması olan “Eurovision-2012”-nin Bakıda keçirilməsi, Azərbaycanın 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etməsi üçün namizədliyin qəbul olunması barədə danışılmış, ARDNŞ-in xaricdə, o cümlədən Rumıniyada həyata keçirdiyi investisiya layihələri barədə məlumat verilmişdir.
Tədbirdə Rumıniyanın hakim partiyasının üzvləri, bu ölkədə təhsil alan xarici tələbələr, “Odlar yurdu” Cəmiyyətinin rəhbərləri və ARDNŞ-in nümayəndəliyinin əməkdaşları da iştirak etmişlər.
“Elements” komandası turnirin qalibi olaraq “Heydər Əliyev” kubokunu qazanmışdır.
Yarışın ən yaxşı oyunçusu, ən yaxşı qapıçısı və ən çox qol vuran oyunçusu da müəyyən edilərək mükafata layiq görülmüşlər.
Turnir Rumıniya KİV-i tərəfindən geniş şəkildə işıqlandırılmışdır.