İQTİSADİYYAT
“Caspian Telecom” Azərbaycanın İKT bazarında fəaliyyət göstərən qabaqcıl provayder şirkətinə çevrilmişdir
Bakı, 16 mart (AZƏRTAC). 2010-cu ildən həyata keçirilən islahatlar nəticəsində “Caspian Telecom” (CASTEL) Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) bazarında fəaliyyət göstərən qabaqcıl provayder şirkətinə çevrilmişdir.
Bu barədə mətbuata açıqlamasında “Caspian Telekom” MMC-nin direktoru Fuad Allahverdiyev bildirmişdir. Hazırda CASTEL Azərbaycan ərazisində fəaliyyət göstərən ən genişmiqyaslı fiber-optik infrastruktura malik olan şirkətdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı, “AGBank”, “Nikoil Bank”, “Access Bank”, “Kapital Bank” və ölkədə fəaliyyət göstərən 11-ə yaxın kommersiya bankı, bir sıra biznes və dövlət strukturları, o cümlədən hotellər CASTEL-in tərəfdaşıdır.
CASTEL dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərə, bir sıra dövlət idarələrinə, həmçinin qabaqcıl kommersiya banklarına İKT xidmətləri göstərir. Fiber-optik internet təminatı, fiber-optik xətlər və Ethernet şəbəkəsinin, virtual özəl şəbəkələrin quraşdırılması, Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sisteminin (SWİFT) quraşdırılması, sistemə çıxış və dəstək, video müşahidə avadanlığının quraşdırılması, şəbəkə təhlükəsizliyi və monitorinqi CASTEL-in müştərilərə təklif etdiyi xidmətlərdir.
CASTEL ən son texnologiyalara əsaslanan avadanlığın və proqram təminatının satışını həyata keçirir. Şirkət eyni zamanda, sistem inteqratoru kimi fəaliyyət göstərir və ABŞ-ın “Cisco Systems” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşlarından biridir.