İQTİSADİYYAT
CEİBC-in nümayəndə heyəti VIII “KAZENERGY” Avrasiya forumunda fəal iştirak edir
Bakı, 8 oktyabr (AZƏRTAC). Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) və “Caspian Energy International Media Group”un
nümayəndə heyəti oktyabrın 8-9-da Astanada keçirilən “KAZENERGY” VIII Avrasiya forumunda fəal iştirak edir. “Gələcəyin enerjisi – Avrasiya perspektivləri” mövzusuna həsr edilmiş bu forumda Azərbaycan nümayəndə heyətinin rəhbəri CEİBC-in baş icraçı direktoru Telman Əliyevdir.
CEİBC-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı Qazaxıstanın rəsmi şəxsləri və biznes nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmiş, Qazaxıstan bazarında əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Forumda “Caspian Energy” jurnalının Azərbaycanın sabit iqtisadi inkişafının 10 illiyinə, Azərbaycan Neftçilər Gününə, nəqliyyat dəhlizlərinin inkişafının beynəlxalq aspektlərinə, dünya enerji təhlükəsizliyinə və G20-nin sonuncu zirvə görüşünə həsr edilmiş növbəti nömrəsinin təqdimatı olmuşdur.
CEİBC-in nümayəndə heyəti Qazaxıstanda səfərdə olduğu müddətdə 21-ci Qazaxıstan Beynəlxalq sərgisində və “Neft və qaz” – “KIOGE 2013” konfransında iştirak etmişdir.
Klubun əsas vəzifəsi biznes ilə hakimiyyət arasında dialoqu dəstəkləmək, kiçik və orta biznesin inkişafı üçün əlverişli şərait yaratmaq, habelə əlverişli investisiya şəraitini təmin etməkdir.