DÜNYA
Cənubi Koreya mediası: Busanda həkim çatışmazlığı səbəbindən normadan çox işləyən oftalmoloq vəfat edib
Pekin, 26 mart, AZƏRTAC
Cənubi Koreyanın Busan Dövlət Universiteti xəstəxanasının oftalmoloq həkimi evində ölü tapılıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, həkim martın 24-də səhər saatlarında evində huşsuz vəziyyətdə aşkarlanıb. Təcili tibbi yardım işçiləri gələndə artıq onun nəbzi vurmurmuş. Xəstəxanaya aparılandan bir neçə saat sonra onun öldüyü açıqlanıb. Rəsmi diaqnoza görə, 40 yaşlarında olan həkim ürək çatışmazlığından vəfat edib. Amma hadisədən sonra Cənubi Koreya mediasında və sosial şəbəkələrdə oftalmoloqun həkim-internaların hökumətin ali təhsil ocaqlarının tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına qarşı keçirdikləri aksiya fonunda tibb işçisi çatışmazlığı ilə əlaqədar normadan artıq işləməsi səbəbindən vəfat etməsinə dair məlumatlar yayıb. Belə ki, bir aydır çoxdur aksiya keçirən minlərlə həkim-interna və rezident həkimin işə çıxmaması səbəbindən digərləri iş vaxtından çox işləməli, növbələrə daha tez-tez qalmalı olurlar.
Busan Dövlət Universiteti xəstəxanasının Tibb Professorları Assosiasiyasının üzvü Oh Se-ok adı açıqlanmayan oftalmoloqun normadan çox işləməkdən ölməsi ehtimalını mümkün sayır.
Bildirilir ki, universitetin xəstəxanasının oftalmologiya şöbəsində 9 professor və 10 həkim-interna çalışırmış. Amma fevralın 20-dən bütün həkim-internalar işə çıxmaqdan imtina ediblər ki, bu da professorların yükünü artırıb.
Qeyd edək ki, Cənubi Koreyada 12 minə yaxın həkim-interna və rezident həkim hökumətin universitetlərin tibb ixtisaslarına qəbul kvotasını artırmaq planına etiraz olaraq fevralın 20-dən işə çıxmır. Tətil edən həkim-internalar akademik məzuniyyət və ya işdən çıxmaq üçün ərizə yazıblar. Etirazçılar ölkə üzrə ümumi həkim-internaların 93 faizini təşkil edir. Cənubi Koreya hökuməti əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2025-ci ildə tibb ixtisaslarına qəbul kvotasını hazırkı 3058 yerdən daha 2 minədək artırmağı planlaşdırıb. Hökumət qərarını ölkədə, xüsusən də bölgələrdə, kənd yerlərində həkim azlığının aradan qaldırılması ilə əlaqələndirir. Lakin həkimlər layihənin əleyhinə çıxırlar, çünki onlar hesab edirlər ki, tibb universitetlərinə qəbul olunan tələbələrin sayının artırılması peşəkarlıq səviyyəsinin aşağı düşməsinə və tibbi xidmətin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.
Aksiya ölkənin səhiyyə sektorunda ciddi böhran yaradıb. Paytaxt Seul da daxil olmaqla, bir neçə şəhərdəki tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərdə ləngimələr baş verib, cərrahi əməliyyatların təxminən yarısı təxirə salınıb. Hökumət əhaliyə vaxtında və lazımi tibb xidmətinin göstərilməsini təmin etmək üçün hərbi hospitalların həkimlərini cəlb etməyə başlayıb. Bundan başqa, tibb bacılarına həkimlərin bəzi funksiyalarını icra etməyə icazə verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin