DÜNYA
Cənubi və Şimali Koreya sərhəd sularında bir-birinə xəbərdarıq atəşi açıb
![Cənubi və Şimali Koreya sərhəd sularında bir-birinə xəbərdarıq atəşi açıb](/files/2022/3/1200x630/16665997982071843787_1200x630.jpg)
Bakı, 24 oktyabr, AZƏRTAC
Şimali və Cənubi Koreya bu gün səhər saatlarında dəniz sərhədini pozmaq ittihamı ilə bir-birinə qarşı xəbərdarlıq atəşi açıblar.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, KXDR-in şimal sərhəd xəttini keçən ticarət gəmisinin geri qayıtması üçün qarşı tərəf radio əlaqə vasitəsilə məlumatlandırılıb və xəbərdarlıq atəşi açılıb.
Cənubi Koreya ordusu Şimali Koreyanın sərhədi pozmasını təxribat adlandırıb və onları sərhəd bölgələrində “düşmənçilik hərəkətlərini” qadağan edən 2018-ci il ikitərəfli hərbi paktını pozmaqda günahlandırıb.
Şimali Koreya ordusu isə öz növbəsində Cənubi Koreya tərəfini dəniz sərhədini pozmaqda ittiham edib və “naməlum gəmini izləmək üçün” xəbərdarlıq atəşinin açıldığını bildirib.
Qeyd edək ki, KXDR Cənubi Koreyanın hərbi aktivliyinə etiraz olaraq şərq və qərb sahillərində bir neçə qısamənzilli ballistik raket sınağı keçirib. Cənubi Koreya Silahlı Qüvvələri isə buna cavab olaraq ötən həftə Şimali Koreyanın nüvə və raket təhlükəsinə qarşı ABŞ-la birgə “Hoguk” hərbi təliminə başlayıb. Seul və Vaşinqton təlimlərin müdafiə xarakteri daşıdığını desə də, Pxenyan təlimlərə sərt reaksiya verib, onları təxribat adlandırıb və qarşı tərəfi əks tədbirlərlə hədələyib.
Həmçinin Seul Pxenyanın nüvə təhlükəsinin artmasına cavab olaraq son beş ildə KXDR-ə qarşı ilk birtərəfli sanksiyalar tətbiq edərək 15 fiziki şəxsi və 16 qurumu sanksiya siyahısına salıb.