DÜNYA
Çexiyada şirkət əməkdaşlarının COVID-19 testindən keçməsi qaydaları dəyişir
![Çexiyada şirkət əməkdaşlarının COVID-19 testindən keçməsi qaydaları dəyişir](/files/2022/1/1200x630/16432886393265043180_1200x630.jpg)
Praqa, 27 yanvar, AZƏRTAC
2022-ci il yanvarın 31-dən Çexiyada COVID-19 testindən keçməklə bağlı yeni qaydalar qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, ölkə hökumətinin qərarına əsasən, əməkdaşlar PCR testinə müsbət reaksiyadan sonrakı 30 gün ərzində təkrar test verməyə bilərlər. Bu qərar faktiki olaraq əvvəlki qaydaları - əməkdaşların həftədə iki dəfə COVID-19 testindən keçmək barədə Çexiya şirkətləri üzərinə qoyulan öhdəliyi ləğv edir. Əvvəllər əgər şirkət əməkdaşında koronavirus aşkarlanırdısa, o halda həmin şəxs beşgünlük karantindən sonra təkrar testdən keçməli idi. Testin nəticəsi neqativ olduqda karantin başa çatmış hesab olunurdu.
İndi isə təkrar test verməyə ehtiyac yoxdur.
Bu gün ölkə KİV-lərinin Çexiya Səhiyyə Nazirliyinə istinadla yaydığı məlumatda deyilir: “Omikron” aşkarlanan və testlənmədən sonra 30 gün ərzində özünütəcriddə olan şəxslər faktiki olaraq, yoluxma baxımından təhlükəsizdirlər və yaxud bu risk çox aşağıdır. Xəstəliyin gedişatının ağır olacağı riski isə sıfra bərabərdir”. Nazirliyin fikrincə, belə hallarda beşgünlük karantinə riayət etmək kifayətdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa