İDMAN
Çingiz Hüseynzadə: Karate üzrə Avropa çempionatında iştirak etmək üçün Bakıya gələcək idmançıların sağlamlığı yoxlanılacaq
Bakı, 4 mart, AZƏRTAC
Karate üzrə 55-ci Avropa çempionatında iştirak etmək üçün Bakıya gələcək idmançıların hər birinin sağlamlığı yoxlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə müsahibəsində deyib.
“Turnirdə iştirak etmək üçün paytaxtımıza gələcək idmançılardan sağlamlıq haqqında arayış tələb edəcəyik. İdmançı sağlamdırsa, yarışa qatılacaq. Əgər hansısa şübhəli məqam aşkar olunarsa, ya ölkəsinə geri qaytarılacaq ya da karantində saxlanılacaq. Bu, bizdən asılı deyil, Dünya Səhiyyə Təşkilatının tələbidir”, - deyə Çingiz Hüseynzadə bildirib.
“Tokio 2020”ə lisenziya qazanan və buna şansı olan atletlər haqqında məlumat verən MOK-un vitse-prezidenti deyib: “Hazırda atletlərimizdən ikisi- üç təkanla tullanma növü üzrə Nazim Babayev və çəkicatma növü üzrə isə Anna Skidan Tokio Olimpiadasına vəsiqəni təmin edib. Üç təkanla tullanma yarışları üzrə mübarizə aparan digər idmançımız Aleksis Kopello dünya reytinqində yeddinci yeri tutur və onun Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün böyük şansı var. Qadın idmançımız Yekaterina Sarıyeva da son üç turnirdə bir gümüş və iki bürünc medal qazanıb. Qarşıda idmançılarımızı lisenziya xarakterli yarışlar gözləyir. Ümid edirik ki, növbəti aylarda digər atletlərimiz arasında da Olimpiadaya vəsiqə qazananlar olacaq”.