ELM VƏ TƏHSİL
Dahi Azərbaycan alimi Nəsirəddin Tusinin anadan olmasının 810 ili tamam olur
Bakı, 18 fevral (AZƏRTAC). Bağdadda sinə daşının üstündə “Dinin və xalqın köməyi, elm aləminin şahı. Zamanın anası belə oğul yetirməyib” sözləri yazılmış bir məzar var. Burada adı elm salnaməsinə qızıl hərflərlə həkk edilmiş dahi Azərbaycan alimi, filosofu, dövlət xadimi Nəsirəddin Tusi uyuyur.
Çox haqlı olaraq “elm aləminin şahı” sayılan Muhəmməd Nəsrəddin Tusi 1201-ci il fevralın 18-də anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin - İbni Sina və Bəhmənyarın davamçılarının yanında mükəmməl təhsil görmüşdür. Dərin bilikləri sayəsində Nəsirəddin az bir vaxtda elm aləmində məşhurlaşmış, gənc ikən hökmdarların diqqətini cəlb etmişdir. Otuz yaşında Kuhistan hökmdarı Nəsirəddini öz sarayına dəvət etmiş və çox məşhur bir ərəb aliminin əxlaq haqqında yazdığı kitabı tərcümə etməsini istəmişdir. Gənc alim cavab vermişdir ki, belə bir kitabı o, özü yaza bilər. Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən, bir çox dillərə tərcümə olunmuş məşhur “Əxlaqi-Nasiri” əsərini 1235-ci ildə tamamlayaraq hökmdara təqdim edir. Lakin elm və həqiqət yolunun məşəqqətli olduğu bir daha sübuta yetir. Kitab hökmdarın xoşuna gəlmədiyindən o, Tusini “Ələmut” (qartal yuvası) qalasına göndərmişdir.
Ağır məhbus həyatı keçirən alim sürgün şəraitində bir neçə elmi əsər yaradır, 1242-ci ildə məşhur “Şərhül-İşarat” (Əbu Əli İbni Sinanın “İşarat” adlı fəlsəfi risaləsinə şərhlər) əsərini tamamlayır. 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaki xanın Yaxın Şərqə yürüşü zamanı onun qoşunları fətholunmaz sayılan “Ələmut” qalasını da tutur, Nəsirəddin Tusi və digər alimlər azad edilirlər.
Nəsrəddin Tusi Hülaki xanın elm və təhsil üzrə baş məsləhətçisi təyin olunur. Bağdad ələ keçirildikdən sonra Hülaki xan öz möhtəşəm dövlətinin paytaxtını Azərbaycanda qərarlaşdırır, qədim mədəniyyət mərkəzlərindən Marağanı, sonra isə Təbrizi öz dövlətinin paytaxtı seçir. Elə həmin vaxt Nəsirəddin Tusi Marağa rəsədxanasının tikintisinə başlayır. Rəsədxananın inşası 12 il müddətində başa çatır. Onun yaratdığı Marağa Astronomiya Rəsədxanası qısa müddətdə astronomiya cihazlarına və zəngin kitabxanaya malik böyük elmi mərkəzə çevrilmiş, bir çox məşhur riyaziyyatçı və astronom buraya dəvət edilmiş, Nəsirəddin Tusinin rəhbərliyi altında elmin müxtəlif sahələrinə aid qiymətli əsərlər yaratmışlar. Maraqlı burasıdır ki, rəsədxanada müsəlmanlarla yanaşı xristian, buddist və digər məzhəb sahibləri, türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri çalışırdılar.
Elm aləminin şahı Nəsirəddin Tusi astronomiya, fizika, tibb, tarix, mineralogiya, riyaziyyat, iqtisadiyyat, coğrafiya, musiqi və sair elm sahələrinə aid böyük irs qoymuşdur. 100-dən artıq əsərin müəllifi dahi ensiklopedist alimin əsərləri dünya xalqlarının bir çox dillərinə tərcümə olunaraq dəfələrlə çap edilmiş, neçə-neçə alimlər nəslinin yetişməsində müstəsna rol oynamışdır. Onun əsərlərinə Bakı, Paris, Berlin, Vyana, Kembric, Oksford, Leypsiq, Münxen, Floqensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan və sair şəhərlərin muzey və kitabxanalarında rast gəlmək olar.
Qeyd edək ki, dahi Azərbaycan aliminin xatirəsi ölkəmizdə həmişə böyük ehtiram və iftixarla yad olunur. 1981-ci ildə onun 780 illik yubileyi qeyd olunmuş, adı əbədiləşdirilmiş, şərəfinə medal təsis edilmiş, abidələri ucaldılmışdır. 2001-ci ildə alimin 800 illik yubileyi YUNESKO-nun qərarı ilə bütün dünyada böyük təntənə ilə qeyd olunmuşdur.
Dahi Azərbaycan alimi Nəsirəddin Tusi 1274-ci il iyunun 25-də səfər zamanı Bağdadda vəfat etmiş və orada “Came Məscidində” dəfn edilmişdir.