MƏDƏNİYYƏT
Dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin vəfatının 70 illiyi qeyd olunmuşdur
Bakı, 5 dekabr (AZƏRTAC). Dekabrın 5-də Cəfər Cabbarlı adına gənclər kitabxanasında “Sürgün həyatı” Repressiya Qurbanlarına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi, filosofu, dramaturqu Hüseyn Cavidin vəfatının 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Foyedə Hüseyn Cavidin həyatını əks etdirən, müxtəlif illərdə ailəsi ilə birgə çəkilmiş fotoşəkillərdən ibarət sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir Məmmədəli Əliyevin ifasında “Kor ərəbin mahnısı” ilə başlanmışdır.
Tədbir iştirakçıları Cavidin və bütün repressiya qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Hüseyn Cavid haqqında 10 dəqiqəlik sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə 1982-ci ildə uzaq Sibirdən Hüseyn Cavidin nəşini Azərbaycana gətirmiş istefada olan polkovniklər Həmid Cəfərov, Telman Əliyev və Zakir Nəsirov həmin tarixi hadisə ilə bağlı xatirələrini danışmışlar. Xalq Artisti Ramiz Məlik görkəmli dramaturqun “İblis” faciəsindən Arifin monoloqunu söyləmişdir. Əməkdar Müəllim, filologiya üzrə fəlsəfə doktoru İsgəndər Orucəliyev Hüseyn Cavidin həyat və yaradıcılığının qaranlıq qalmış tərəflərindən söhbət açmışdır.
Kitabxananın direktoru Tahir Sadıqov, şair Vahid Əziz ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə qayğısından danışmış, ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə şairin nəşinin Azərbaycana gətirilməsi, doğma Naxçıvan torpağında dəfn edilməsi və böyük uzaqgörənliklə Cavid məqbərəsini inşa etdirməsindən danışmışlar.