REGİONLAR
Damazlıq düyələr heyvandarlıqla məşğul olan sahibkarlara lizinq yolu ilə verilmişdir
Culfa, 21 fevral (AZƏRTAC). İrandan gətirilən Holşden Friz cinsindən olan 38 baş inək lizinq yolu ilə Culfa rayonunda heyvandarlıqla məşğul olan sahibkarlara verilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov AZƏRTAC-a demişdir ki, yüksək məhsuldarlığı ilə seçilən cins inəklər ildə, orta hesabla, 5–6 min litr, rekordçu inəklər isə 16-18 min litr süd verir. Südün yağlılığı 3,6 faizdir. İnəklərin diri çəkisi 550-600 kiloqram, törədiciləri isə 900-1000 kiloqram olur. Bunun da ət çıxarı 58-60 faiz təşkil edir. Bu cinsdən olan heyvanlara yüksək səviyyəli zootexniki xidmət göstərilməli, keyfiyyətli yem verilməlidir. Dəriləri nazik olduğu üçün günvurmadan və müxtəlif zərərvericilərdən qorunmalı, əsasən qapalı şəraitdə saxlanmalıdır.
2009-cu ilin martından 2010-cu ilin noyabrınadək Almaniya və Avstriyadan 160 baş, 2010-cu ilin noyabrından 2011-ci il fevralın 17-dək İrandan ümumilikdə, 388 baş damazlıq düyə gətirilmiş, ayrı-ayrı rayonlarda heyvandarlıqla məşğul olan sahibkarlara və fermerlərə lizinq yolu ilə verilmişdir. Çəkisindən asılı olaraq, cins düyələrin dəyərinin 25 faizi nəğd ödənilmiş, qalan 75 faizi isə 3 il müddətinə ödəniləcəkdir.