İQTİSADİYYAT
DAŞKƏNDDƏ ASİYA İNKİŞAF BANKI DİREKTORLAR ŞURASININ 43-CÜ İLLİK İCLASININ RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Daşkənd, 4 may (AZƏRTAC). Daşkənddə “Özbəkistan” forumlar sarayında Asiya İnkişaf Bankı (AİB) direktorlar Şurasının 43-cü illik iclasının rəsmi açılış mərasimi keçirilmişdir.
İclasda Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdir.
Dünyanın 90-dan artıq ölkəsindən gəlmiş 3 mindən artıq hökumət nümayəndələrinin, ekspertlərin, maliyyəçilərin qatıldığı tədbirdə Özbəkistan Prezidenti İslam Kərimov çıxış edərək müstəqillik əldə edildikdən sonra iqtisadiyyatın beş əsas prinsip üzərində qurulduğunu bildirmiş, bunun isə böyük fayda gətirdiyini söyləmişdir. Dövlət başçısı 2009-2012-ci illər üçün nəzərdə tutulmuş Antiböhran Proqramının qəbul edilməsini mühüm addım hesab etmiş, məhz belə tədbirlər nəticəsində Özbəkistanın böhrandan az zərərlə çıxdığını bildirmişdir.
Asiya İnkişaf Bankının prezidenti Xaruxiko Kuroda Özbəkistanla bank arasında həyata keçirilən layihələr haqqında məlumat vermiş, avtomobil, dəmir yolu şəbəkəsinin genişləndirilməsi, Kaşkadərya və Nəvai vilayətlərindəki layihələrdən danışmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd