MƏDƏNİYYƏT
Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalı keçirmişdir
Daşkənd, 14 may (AZƏRTAC). Özbəkistan Xarici İşlər Nazirliyinin diplomatik servis xidməti “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda 10-cu xeyriyyə festivalı keçirmişdir.
Festivalda Özbəkistanda fəaliyyət göstərən 35-dən artıq səfirliyin nümayəndələri öz xalqlarının adət-ənənələrini nümayiş etdirmiş, qonaqlara milli yeməklərini və şirniyyatlarını təklif etmişlər.
Azərbaycan səfirliyi üçün ayrılmış guşədə ölkəmizin gerbi, bayrağı asılmış, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri ilə əlaqədar kitab və broşürlərdən ibarət sərgi təşkil edilmişdir. Buraya gələnlər “Azərbaycan xalçaları”, həmçinin “Azərbaycan xalçaları dünya muzeyləri və şəxsi kolleksiyalarda” stendləri ilə də tanış olmuşlar.
Festivalın Azərbaycan guşəsində qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, həmçinin şirniyyat və şərbətlərimiz təklif edilmişdir.
Festivalın sonunda Özbəkistan xarici işlər nazirinin müavini Aybek Usmanov ənənəyə çevrilmiş bu bayramın yüksək səviyyədə təşkil etdiklərinə görə iştirakçılara təşəkkür etmişdir. Qaliblərə diplomlar verilmişdir. Diploma layiq görülənlər arasında Azərbaycanın Özbəkistandakı səfirliyi də vardır.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə başa çatmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd