İQTİSADİYYAT
Dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 kilometr dəmir yolu əsaslı təmir olunur
Bakı, 20 dekabr, AZƏRTAC
Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bu gündən etibarən dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 kilometr yolun əsaslı təmirinə start verilib. Təmir işləri 5 gün davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 428 kilometr dəmir yolu əsaslı təmir olunub.