“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib YENİLƏNİB
Bakı, 17 mart, Elvin Camalov, AZƏRTAC
Martın 17-də Bakıda “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, “Dərnəgül” NMM-nin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürülüb. Bununla da, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısı alınır və sıxlıq aradan qaldırılır.
Metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu və “BakıKart” istifadəçiləri üçün ödəmə terminalları quraşdırılıb. Buradan gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi gözlənilir. Ərazidə, eyni zamanda, taksi minik avtomobilləri üçün də dayanacaqlar müəyyənləşdirilərək nişanlanıb.
Qeyd edək ki, “Dərnəgül” NMM Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilən 4-cü NMM-dir. Hazırda Bakıda “Koroğlu”, “28 May”, “Lökbatan” və “Dərnəgül” NMM-ləri fəaliyyət göstərir. Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması ilə bağlı hazırladığı konsepsiyaya uyğun olaraq növbəti belə Mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır. Eyni zamanda, Bakının bir sıra ətraf kənd və qəsəbələrində bir qədər kiçik Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub.