İQTİSADİYYAT
DİF Azərbaycanın rəqəmsal iqtisadiyyatına xarici investisiyaların cəlb olunması üçün bir sıra prioritet istiqamətlər müəyyənləşdirib
Bakı, 13 iyun, AZƏRTAC
Dünya İqtisadi Forumu (DİF) Azərbaycanın rəqəmsal iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb olunması üçün bir sıra prioritet istiqamətlər müəyyən edib.
AZƏRTAC xəbər verir ki, bunu Dünya İqtisadi Forumunun nümayəndəsi Metyu Stivenson “Azərbaycanın Rəqəmsal İqtisadiyyatına investisiyaların cəlb edilməsi” (IDEA) layihəsi çərçivəsində Bakıda keçirilən "Rəqəmsal KOB və startaplara xarici investisiyaların cəlbi” adlı təlimdə deyib.
“Biz şirkətlərin ehtiyaclarını anlamaq və rəqəmsal iqtisadiyyata investisiyaları, rəqəmsal sahəyə birbaşa xarici investisiyaları təşviq etmək üçün tədbirlərin siyahısını müəyyən etmək məqsədilə fəal işləyirik. Biz Bakıda ötən gün artıq bir seminar keçirdik və bəzi prioritetləri müəyyən etdik. Bugünkü seminar bu prioritetləri həyata keçirmək, investisiya artımını dəstəkləmək və fikir mübadiləsi aparmaq, müvafiq tədbirlər görməklə mövcud problemləri həll etmək məqsədi daşıyır. Bu gün rəqəmsal hazırlığı təkmilləşdirmək, birlikdə işləmək üçün unikal imkanımız var. Belə tədbirlər startaplar və rəqəmsal KOB-lara bazara girişin əsasları, xarici investisiyalar və tərəfdaşlıqlar qurmaq üçün yaxşı fürsətdir", - deyə Metyu Stivenson əlavə edib.