ELM VƏ TƏHSİL
DİM-də təşkil olunan Pearson SELT imtahanları Britaniya Daxili İşlər Nazirliyi tərəfindən auditdən keçib
Bakı, 30 iyun, AZƏRTAC
Birləşmiş Krallığın Daxili İşlər Nazirliyi (UK Home Office) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən PTE Academic (PTE-A), PTE-A UKVI və PTE Home imtahanlarının keçirilməsinə dair bütün qaydalara riayət edilməsinin, həmçinin keyfiyyətin və təhlükəsizliyin təmin edilməsinin auditini keçirib. DİM auditdən keçərək, yekun rəy və imtahanların davam etdirilməsi üçün icazə alıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənən müvafiq imtahanlar təhlükəsiz ingilis dili imtahanları (Secure English Language Test, SELT) sayılaraq İngiltərədə işləmək və ya yaşamaq üçün müəyyən edilən tələblərdən biri hesab olunur.
SELT imtahanları haqqında qısa məlumat:
PTE Academic (UKVI) - iş (o cümlədən müəyyən təhsil məqsədləri) vizaları üçün qəbul edilən 4 bacarığı (danışıq, dinləmə, oxu və yazı) müəyyən edən dil imtahanadır. Böyük Britaniya Daxili İşlər Nazirliyinin tələblərinə uyğun qeydiyyat prosesində kiçik fərqlər olduğuna baxmayaraq, test məzmunu və formatı baxımından PTE Academic ilə PTE UKVI eynidir.
PTE Home - ailə, məskunlaşma və ya vətəndaşlıq müraciətləri üçün qəbul edilən 2 bacarığı (danışıq və dinləmə) ölçən dil imtahanıdır. PTE Home imtahanı namizədin ingilis dilini bilmə qabiliyyətinin Xarici dillər üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) A1, A2 və B1 səviyyələrindən birinə cavab verdiyini sübut edir.
Namizədlər ilboyu keçirilən imtahanlardan yararlana və nəticələrini 48 saat ərzində öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün azı 24 saat əvvəl onlayn qeydiyyatdan keçmək mümkündür.
Xatırladaq ki, DİM Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi kimi 2017-ci ildən beynəlxalq sertifikat təqdim edən PTE Academic, həmçinin müxtəlif sahələrə aid (informasiya texnologiyaları, maliyyə, mühasibat, daxili audit, və s.) 100-dən çox imtahan keçirir.
Pearson VUE imtahanları da daxil olmaqla, DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı Mərkəzin saytında yerləşdirilən keçid vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.