CƏMİYYƏT
DİN: Məktəbdə şagirdlərə guya konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə xəbər doğru deyil
![DİN: Məktəbdə şagirdlərə guya konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə xəbər doğru deyil](/files/2022/3/1200x630/16648882731949339225_1200x630.jpg)
Bakı, 4 oktyabr, AZƏRTAC
Məktəblərdən birində şagirdlərə guya konfet kağızına bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətrafında tanımadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məşhurlaşmaq üçün yayıb.
“Sonda valideynlərdən sosial şəbəkələrdə və vatsap qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik”,- məlumatda qeyd edilib.