ELM VƏ TƏHSİL
DİSSERTASİYA ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 12 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu dissertasiya şurasının iclası keçirilmişdir.
İnstitutdan bildirmişlər ki, iclas texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq iddiasında olan Fərqanə Abdullayeva və Vüqar Musayevin dissertasiya işlərinin müzakirəsinə həsr olunmuşdur.
İclasda iddiaçılar “Biometrik eyniləşdirmə sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi”, “Əhali və miqrasiya” informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi metod və alqoritmlərinin işlənməsi” mövzularında dissertasiya işlərini təqdim etmişlər.
Seminarın sədri, texnika elmləri doktoru Məsumə Məmmədova informasiya təhlükəsizliyinin təmini baxımından biometrik eyniləşdirmə sisteminin yaradılması, fərdlərin dəqiq identifikasiyası, o cümlədən “Əhali və miqrasiya” informasiya sisteminin yaradılması məsələlərinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, hər iki dissertasiya işində mühüm elmi nəticələrin əldə olunduğunu bildirmişdir.
Seminarın katibi, fizika-riyaziyyat elmləri namizədi Ramiz Alıquliyev hər iki mövzunun aktuallığını qeyd etmişdir.
Sonra dissertasiya işlərində əldə olunmuş nəticələrlə əlaqədar rəylər oxunmuşdur.
Çıxış edənlər hər iki iddiaçının dissertasiya işinin başa çatdırılmış elmi-tədqiqat işi olduğunu, yüksək nəzəri və praktiki səviyyədə yerinə yetirildiyini vurğulamışlar. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının namizədlik dissertasiyalarına müəyyən etdiyi tələblərə uyğun olduğu, müdafiəyə çıxarılan müddəaların elmi yeniliyi və praktiki əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
İclasda hər iki iddiaçının dissertasiya işlərinin “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasına dair texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün müdafiə mərhələsinə buraxılması ilə bağlı qərar qəbul edilmişdir.