Dövlət Gömrük Komitəsində “Özünet” layihəsinin təqdimatı olub
Bakı, 3 iyun, AZƏRTAC
Bu gün Dövlət Gömrük Komitəsində (DGK) yeni layihənin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, komitə sədrinin birinci müavini Bəhruz Quliyev DGK-nın son dövrlər yeni layihələr hazırlayaraq vətəndaşların istifadəsinə verdiyini bildirib.
Növbəti layihənin bütün elektron xidmətlərin cəmləşdiyi və bir nöqtədən idarə olunduğu “Özünet” layihəsi olduğunu qeyd edən sədrin birinci müavini bu platformaya daxil olan hər bir şəxsin Dövlət Gömrük Komitəsinin elektron xidmətlərindən vahid məkanda istifadə edə biləcəyini vurğulayıb.
“Layihə gömrük əməliyyatlarının asanlaşdırılmasına, vaxt və vəsait itkisinin minimuma endirilməsinə, əlçatanlığın artırılmasına şərait yaradacaq”, - deyə B.Quliyev bildirib.
Qeyd edək ki, yeni layihədən DGK-nın rəsmi internet səhifəsinin “elektron xidmətlər” bölməsinə daxil olmaqla (customs.gov.az) istifadə etmək mümkündür.