ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydıyyat aparılır
![Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydıyyat aparılır](/files/2022/1/1200x630/16492268776083948795_1200x630.jpg)
Bakı, 6 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil olunacaq.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, qeydiyyat aprelin 20-si saat 23:59-dək aparılır. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji istiqamətdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və magistrantları iştirak edə bilərlər.
Hazırlıq kurslarında iştirak ödənişlidir və məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyən DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdır. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyatdan keçmək lazımdır.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatı DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Bu iştirakçılar müqavilə əsasında ekspert və ya marker kimi DİM-lə əməkdaşlığa cəlb olunaсaqlar.