CƏMİYYƏT
Laqodexidə 300-dən çox yaşı olan Qabal kəndi – soydaşlarımızın qədim yaşayış məskəni
Tbilisi, 25 iyun, AZƏRTAC
Gürcüstanda soydaşlarımızın qədim yaşayış məskənlərindən biri də 300-dən çox yaşı olan Qabal kəndidir. Kaxeti bölgəsinin Laqodexi bələdiyyəsinin ərazisində yerləşən kənddə 17 mindən çox azərbaycanlı yaşayır. Qabal yaşına, ərazisinə və əhalisinin sayına görə bölgədə ən böyük Azərbaycan kəndidir. Laqodexinin mərkəzindən 15 kilometrlik məsafədə yerləşən Qabal kəndində ümumilikdə 5 min ev var. Qabal ərazi vahidliyinə Laqodexi bələdiyyəsinin Uzuntala, Gəncəli, Qaracala kəndləri də daxildir. Bu kəndlərin əhalisinin əsas məşğuliyyəti əkinçilik, ticarət və maldarlıqdır.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Laqodexi rayonuna səfəri zamanı keçirdiyi görüşdə Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirildiyi layihə və tədbirlərdən söz açıb. Yerli ziyalılar Kaxeti bölgəsində azərbaycanlıların mədəniyyət mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər.
Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Qabal İnkişaf Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin direktoru kikboks üzrə dünya çempionu Yavər Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, Qabalda 3 doqquzillik və 2 tam orta məktəb fəaliyyət göstərir. Bu təhsil ocaqlarında 1500-ə yaxın şagird təhsil alır. Daha 1200 nəfər isə gürcü məktəblərində oxuyur. Hazırda mərkəzdə Azərbaycan və gürcü dillərində pulsuz kurslar fəaliyyət göstərir, uşaq və yeniyetmələrə saz sənətinin sirləri öyrədilir.
Onun sözlərinə görə, yaxın zamanlarda burada Futbol Akademiyası yaradılacaq. Eyni zamanda, mərkəzdə milli musiqimiz, rəqslərimizin də gənc nəslə öyrədilməsi üçün dərnəklərin açılması nəzərdə tutulub.
Mərkəzin gürcü dili müəllimi Telli Qiyasova deyib ki, mərkəz fəaliyyətə başladıqdan sonra Azərbaycan məktəblərində təhsil alan şagirdlərinin gürcü dili kurslarına maraqları daha da artıb. Qabalda gənclərin bir araya gələrək Azərbaycan kimliyini və milli ənənələrini yaşatması üçün geniş imkanlar yaradılıb. “Təbii ki, tədris mərkəzində problemlərimiz də var. Azərbaycan və gürcü dillərində metodik vəsaitlər və kitablar çatışmır. Proyektor və yazı lövhəsinin olması da çox vacibdir. Uşaq ədəbiyyatına ehtiyac var. Ümidvaram ki, bu problemlər də tədricən öz həllini tapacaq. Bundan əlavə, mərkəz gürcü tarixini daha yaxından öyrənmək məqsədilə ekskursiyaların təşkil olunmasına da diqqət yetirəcək”, - deyə T.Qiyasova vurğulayıb.
Qeyd edək ki, Qabal kəndində “Sport Fight Club Kabal” idman klubu da fəaliyyət göstərir.
Gürcüstan Milli Tayboks və Kikboksinq Federasiyasının təşkilatçılığı ilə iyun ayının əvvəllərində keçirilən ölkə çempionatında 290 yeniyetmə idmançı mübarizə aparıb. Çempionatda “Sport Fight Club Kabal” klubunun 9 yetirməsi də iştirak edib. Klubun üzvü Eşqin Quliyev Gürcüstan çempionu olub və dünya çempionatına vəsiqə qazanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi