QAN YADDAŞI
DÖVLƏT İNCƏSƏNƏT MUZEYİNDƏ “BAKI. 20 YANVAR 1990-CI İL” RƏSM VƏ FOTO SƏRGİSİ AÇILMIŞDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət İncəsənət Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “Bakı. 20 yanvar 1990-cı il” rəsm və foto sərgisi açılmışdır.
Tədbirdə Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov bildirmişdir ki, bu gün biz 20 Yanvar hadisələrini təkcə keçmiş sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilmiş qanlı faciə kimi deyil, həm də tariximizin ən şanlı səhifəsindən biri kimi xatırlayırıq. 20 Yanvar faciəsinin xalqımızın qəhrəmanlığından, mətinliyindən, şücaətindən bəhs edən yeni-yeni ədəbiyyat, mədəniyyət və incəsənət nümunələrinin yaranmasına təkan verdiyini deyən natiq, sərgidə Azərbaycanın tanınmış rəssam və fotoqraflarının 50-dən artıq əsərinin nümayiş etdirildiyini söyləmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev XX əsrin ən dəhşətli faciələrindən biri olan 20 Yanvar qırğınını özünün müstəqil dövlətini qurmaq istəyini reallaşdırmaq, Ermənistanın hərbi təcavüzünə etirazını bildirmək üçün meydanlara çıxan xalqımıza qarşı totalitar sovet rejimi tərəfindən təşkil edilmiş qanlı aksiya kimi səciyyələndirmişdir. Ə.Qarayev respublikamızın ciddi informasiya blokadasında saxlandığı həmin ağır anlarda, qanlı qırğının ertəsi günü ulu öndərimiz Heydər Əliyevin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsini və sovet rəhbərliyini kəskin bəyanatla ittiham etməsini xatırlatmışdır.
Nazir demişdir ki, adətən insan xoş anları yadda saxlayır, kədərli günlərini isə unutmağa çalışır. Mən inanıram ki, bu sərginin ziyarətçilərinin, xüsusilə həmin dəhşətləri görməmiş gənclərimizin yaddaşından 20 Yanvar qətliamının qurbanı olmuş şəhidlərimizin əziz xatirəsi heç bir vaxt silinməyəcəkdir.
Çoxsaylı iştirakçılar o qanlı-qadalı günlərin miqyasından bəhs edən sənət əsərlərinə böyük maraqla tamaşa etmişlər.
Sərgi bir neçə gün davam edəcəkdir.