CƏMİYYƏT
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri daha çox mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunan ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara onların müraciətləri və qaldırdıqları məsələlərin araşdırılacağı, qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.