DÜNYA
Dünyada ilk “antiimperialist” akademiya
Berlin, 18 avqust, AZƏRTAC
Boliviyada yeni ali hərbi məktəb yaradılıb. Gələcək zabitlərə burada... imperializmə qarşı mübarizə yollarını öyrədəcəklər. Varnes şəhərindəki bu təhsil müəssisəsinin təntənəli açılış mərasimində çıxış edən Boliviya prezidenti Evo Morales bildirib ki, “antiimperialist hərbi akademiya”nın məqsədi “imperiyaların və kapitalizm strukturlarının mədəni, ideoloji və iqtisadi üstünlüyünə” qarşı mübarizə aparmaqdır.
Solçu təmayüllü Moralesin sözlərinə görə, boliviyalı zabitlərin ən mühüm vəzifəsi “imperiyanı deyil, xalqı müdafiə etməkdir”. Bu halda “imperiya” dedikdə ilk növbədə ABŞ başa düşülməlidir. Boliviya prezidenti bundan sonra bütün gənc zabitlərin bitirməli olacağı yeni hərbi akademiyanın yaradılmasını 1946-cı ildə ABŞ tərəfindən Panama kanalında “School of the Americas” kadet korpusunun yaradılmasına cavab hesab edir. “School of the Americas”da təhsil almış cənubi amerikalı zabitlərin çoxu sonradan öz ölkələrində hərbi diktaturalar dövründə aparıcı rol oynayıblar. Amerika kadet məktəbi artıq mövcud deyil.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin