İQTİSADİYYAT
Dünyanın qibtə ilə izlədiyi layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yoludur
Bakı, 28 sentyabr (AZƏRTAC). Türkiyənin hakim partiyası - Ədalət və İnkişaf Partiyasının Qarsdan olan Türkiyə Böyük Millət Məclisinin üzvləri (TBMM) Əhməd Aslan ilə professor Yunus Kılınc Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi ilə tanış olmuşlar.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, BTQ dəmir yolu layihəsinin Türkiyə hissəsinin rəhbəri Yaşar Məşhur işlər haqqında məlumat verərək, hazırda BTQ-nin 60 faizinin tamamlandığını və tikintiyə 250 milyon lirə xərcləndiyini söyləmişdir.
İnşaatçılarla görüşən TBMM-in üzvü Ə.Aslan layihənin təkcə 76 kilometrlik bir dəmir yolundan ibarət olmadığını ifadə edərək, Londondan Mərkəzi Asiyayadək uzanan BTQ-ni Türkiyənin qüruru olacaq bir dünya layihəsi adlandırmışdır. Dünyanın qibtə ilə izlədiyi layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yoludur, - deyən Ə.Aslan bildirmişdir ki, insanlar işin böyüklüyünü gözləri ilə gördüyü zaman bu layihənin əhəmiyyətini daha yaxşı anlayırlar.
Y.Kılınc isə Pekinlə Londonu bir-birinə bağlayacaq BTQ-nin “İpək yolu”nun qovşağında yerləşən Qarsda məşğulluğun artmasına, yeni iş yerlərinin açılmasına səbəb olacağını diqqətə çatdırmışdır.