CƏMİYYƏT
Əcnəbi tələbələr Azərbaycan tarixi və coğrafiyası üzrə biliklərini sınamışlar
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 23-də Gənclər və İdman Nazirliyinin (GİN) təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika intellektual olimpiadası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın 12 ali təhsil müəssisəsində təhsil alan Türkiyə, Moldova, İran, Koreya Respublikası və digər ölkələrdən olan 48 əcnəbi gənc iştirak etmişdir.
GİN-in nümayəndəsi Elşən Hüseynov bildirmişdir ki, tədbirin məqsədi respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov ölkəmizdə ilk dəfə belə bir formatda layihənin reallaşdırıldığını bildirmişdir. Əsas hədəf budur ki, respublikamızda təhsil alan gənclər bir neçə ildən sonra öz ölkələrinə Azərbaycan haqqında gözəl təəssüratlarla qayıtsınlar. Çünki bu gənclər gələcəyin yüksək vəzifəli şəxsləridir.
Olimpiadadan əvvəl əcnəbi tələbələrin Azərbaycan dilində müxtəlif musiqi parçaları ifa etməsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Qaliblərə mükafatlar təqdim olunmuşdur.