MƏDƏNİYYƏT
Eduardo Martin: Tarın məlahətli səsi qəlbimi titrədir
Bakı, 11 aprel, AZƏRTAC
Bakı, 11 aprel, AZƏRTAC
Kubanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə kubalı gitaraçılar Eduardo Martin və Ahmed Dickinson Cardenas Azərbaycan tamaşaçıları üçün konsert proqramı ilə çıxış edib.
Kubalı musiqiçilər ölkəmiz, eləcə də konsert barədə öz təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
- Eduardo Martin, gözəl konsert proqramı ilə çıxış etdiniz. Bu, sizin Azərbaycana ilk səfərinizdir?
- Bəli, ilk dəfədir Bakıdayam və paytaxtınızda böyük inkişafın getdiyinin şahidi oldum. Bu, çox vacibdir, çünki bu zaman mədəniyyət özünü ifadə etmək imkanı qazanır. Burada insanlar mənəvi dünyalarını ifadə etmək, inkişaf etmək şansı əldə edir. Şəhərinizi müasirləşdirmək istəyi nəzərə çarpır və bu zaman yeni iş yerləri açılır.
- Azərbaycanda olduğunuz müddətdə bölgələrimizlə tanış olmaq imkanınız olubmu?
- Ancaq paytaxtınızın görməli yerlərində olduq, bir çox tarixi yerləri gəzdik.
- Bilirəm ki, İçərişəhərdə gəzintiniz zamanı milli alətimiz olan tarda ifa etməyə cəhd göstərmisiniz.
-Bəli, bu belədir, ancaq mən bu alətdə ifa edə bilmirəm. Alətin ürəyə yatan melodiyası var, xüsusən də onu peşəkar ifa edirsə. Mənim üçün maraqlı olan cəhətlərdən biri də o oldu ki, belə musiqi hansı şəkildə Qərbi Avropaya təsir edə bilər. Hiss olunur ki, ispan flamenkosunun inkişafında sizin bölgənin musiqisinin təsiri olub.
-Necə düşünürsünüz, tarla Avropa klassik musiqisi arasında hansı oxşarlıqlar var?
- Bəli, gitara və tar hər ikisi simli alətdir. Tardan fərqli olaraq, gitara barmaqla da ifa olunur. Belə demək olar ki, tarda da, gitarada da “tremolo” effektini yaratmaq üçün mizrab vasitəsilə simə təkrar toxunulur və bu zaman not, səs sanki uzanır. Gitara aləti yaranmazdan əvvəl qədim musiqi alətləri də mizrabla ifa olunub. Bu zaman xalqlar arasında mədəni, musiqili əlaqələr yaranır.
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşmüsünüz, onlara ustad dərsləri keçmisiniz. Bu görüş sizdə hansı təəssürat yaradıb?
- Sizin universitetdə gitara şöbəsinin olması çox xoş təəssürat bağışladı və bir az da təəccübləndirdi. Orada klassik gitarada məharətlə ifa edən tələbələr var. Bilirəm ki, onlar təhsilini bitirdikdən sonra gitara dərsləri tədris edəcək və bu da ölkənizdə gitaranın inkişafına yaxşı töhfə verəcəklər. Hazırda azərbaycanlı gənclərin bu alətdə çalmaq çox xoşlarına gəlir.
- Sonda bilmək istərdim, siz nə vaxtsa Azərbaycana seminarlar, ustad dərsləri keçmək üçün dönəcəksiniz?
- Bəli, gələn il biz bir daha ölkənizdə olmağı planlaşdırırıq. İstəyirik ki, burada bir daha konsert proqramı ilə çıxış edək və yenidən Mədəniyyət və İncəsənət Universiteti ilə işimizi davam etdirək.