SİYASƏT
Ə.Həsənov: Azərbaycanda ictimai-siyasi vəziyyət və kriminogen durum sabitdir
Bakı, 19 fevral (AZƏRTAC). Azərbaycanda ictimai-siyasi vəziyyət və kriminogen durum sabitdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəzi səfirliklərin Azərbaycanda terror təhlükəsi ilə bağlı verdiyi xəbərdarlıqlara münasibət bildirərkən demişdir.
Şöbə müdiri bildirmişdir ki, hər bir ölkənin terrorla mübarizə, təhlükəsizlik və vətəndaşlarının həyatı ilə bağlı öz standartları vardır. Azərbaycan öz vətəndaşlarının, eləcə də ölkəmizə gələn əcnəbilərin həyatının təhlükəsizliyi ilə bağlı təminat verir. Lakin sui-qəsddən, terrordan heç kim sığortalanmamışdır. Terror hər bir ölkədə - Avropada və Amerikada da törədilə bilər. Kiməsə qarşı hansısa şəkildə təhlükə də ola bilər, ancaq bütövlükdə Azərbaycan dövləti vətəndaşlarımızın, ölkəmizdə yaşayan və ya qonaq gələn əcnəbilərin təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görür. Bu tədbirlər kifayət qədər səmərəlidir. Eyni zamanda, biz kiməsə bu və ya digər təhlükə barədə öz vətəndaşlarına xəbərdarlıq etməsinə də qadağa qoya bilmərik.