İQTİSADİYYAT
Elektron poçtun yaranmasından 40 il ötür
Bakı, 1 oktyabr (AZƏRTAC). Elektron poçt təxminən 40 il bundan əvvəl yaranmışdır. Tarixdə ilk poçt proqramının müəllifi və ilk elektron məktubun göndəricisi professor Rey Tomlinson ilk məlumatın göndərildiyi tarixi dəqiq xatırlaya bilmir və bəzi məlumatlara görə, bu gün şərti olaraq 1971-ci il oktyabrın 2-si hesab edilir.
Elektron poçtun “atası” adlandırılan R.Tomlinson əslində email-i olduğu şəkildə kəşf etməmişdir. Hələ 1965-ci ildə ABŞ-ın Massaçusets Texnoloji Universitetinin alimləri məlumat mübadiləsi etməyə imkan verən proqram hazırlamışlar. Lakin, proqramın bir qüsuru ondan ibarət olmuşdur ki, məktubu göndərən və alan eyni kompyuterdən istifadə etməli idi.
Məhz R.Tomlinson müxtəlif yerlərdə yerləşən kompyuterlər arasında elektron yolla məlumatların ötürülməsini mümkün etmişdir. Təəssüf ki, professor dünyada ilk elektron məktubun dəqiq mətnini də yadına sala bilmir. O, yalnız bu əlamətdar hadisənin 1971-ci ilin payızında baş verdiyini yadda saxlamışdır.
İlk məlumat R.Tomlinsonun laboratoriyasındakı kompyuterlərin birindən qonşuluqda yerləşən digər kompyuterə göndərilmişdir. Professor proqramın işlədiyinə əmin olanadək məlumatı bir kompyuterdən digərinə dəfələrlə göndərmişdir. Çox keçmədən o, ilk məktubu Arpanet (müasir internetin sələfi) şəbəkəsində həqiqətən də uzaq məsafədə yerləşən kompyuterə yollamışdır.
Məhz R.Tomlinson istifadəçinin adını kompyuterin adından fərqləndirmək üçün @ işarəsindən istifadə etməyi təklif etmişdir.
Qeyd edək ki, o zaman ilk poçt proqramından istifadə edə bilən insanların sayı sadəcə olaraq bir neçə yüzdən çox olmadığına görə professorun elektron poçt kəşfi çox uğur qazanmamışdı.
Lakin ötən 40 ildə çox şey dəyişmiş və elektron poçtdan istifadə edənlərin sayı daima artır. Belə ki, 2011-ci ilin əvvəlinə olan məlumata görə, istifadəçilərin sayı 2010-cu ildə 480 milyon artaraq 1,88 milyard nəfər təşkil etmişdir.
Bundan başqa, e-poçt ünvanlarının ümumi sayı 2,9 milyarda çatmışdır. Son illər email-in populyarlığının azalması və tezliklə onun sosial servislərlə əvəzlənməsi barədə fikir yaransa da, statistika təsdiq edir ki, elektron poçtdan ildən-ilə daha çox insan istifadə edir.
Texnologiyaların sürətli inkişafı danılmaz faktdır və artıq indi bəzi alimlər gələcəyin elektron poçtunu yaratmışlar. Onlar iddia edirlər ki, fikirlərin ötürülməsi vasitəsilə ünsiyyət qurmaq imkanı yaransa, poçt serverlərinə və kompyuterə ehtiyac olmayacaqdır.