İQTİSADİYYAT
Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsinə dair təkliflər müzakirə edilib
Bakı, 8 avqust (AZƏRTAC). Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.
Azərbaycan İnternet Forumundan AZƏRTAC-a bildiriblər ki, toplantıda elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsinə dair Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın və Multimedia Mərkəzinin birgə hazırladığı təkliflər müzakirə edilib.
İctimai Şuranın əlaqələndiricisi Osman Gündüz bu barədə məlumat verərək bildirib ki, təkliflər dövlət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən toplantılar və müzakirələrdə irəli sürülən rəylər, aparılan monitorinqlər və araşdırmalar nəticəsində hazırlanıb. Təkliflərdə vətəndaşların elektron xidmətlərdən daha səmərəli istifadə etməsi, əhəmiyyətlilik səviyyəsindən asılı olaraq prioritetlərin müəyyən olunması və elektron formaya keçidlə bağlı konkret plan hazırlanması, elektron xidmətlərin populyarlığının artırılması, bu sahədə statistikanın təkmilləşdirilməsi və digər məsələlər əksini tapıb.
Toplantıda təkliflərin daha da təkmilləşdirilməsi və elektron xidmətlərdən və resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi istiqamətində fikirlər səsləndirilib.
Elektron xidmətlərdən istifadə səviyyəsinin yüksəldilməsinə dair təkliflər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilib.