ƏLİ BAYRAMLI İES PROQNOZLARA ARTIQLAMASİLƏ ƏMƏL ETMİŞDİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 2008-ci ilin birinci rübündə Əli Bayramlı istilik elektrik stansiyasında plan göstəricisindən 35 milyon kilovat-saat çox elektrik enerjisi istehsal edilmişdir.
Təkcə mart ayında 400 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilmişdir. Bu, nəzərdə tutulandan 10,5 milyon kilovat-saat çoxdur.
Ümumiyyətlə, cari ilin birinci rübündə elektrik stansiyasında 1 milyard 200 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmiş, 3400 ton yanacağa qənaət edilmişdir.
Keçən ilin payız-qış mövsümündə Əli Bayramlı İES-də dəfələrlə nasazlıqlar yaranmışdır. Belə halların təkrarlanmasının qarşısını almaq üçün məqsədyönlü təmir işləri aparılır.
Stansiyanın yeddinci blokunda aşağı təzyiq rotorunun işçi kürəkləri yeniləri ilə əvəz edilmişdir. Bu istiqamətdə aparılan əməliyyatlar yaxın günlərdə başa çatdırılacaqdır. Bundan sonra stansiyanın gücü 100 meqavat, ikinci və beşinci bloklarda əsaslı təmir, üçüncü və altıncı bloklarda cari təmir işləri başa çatdıqdan sonra isə daha 80 meqavat artacaqdır.
Enerji bloklarında yenidənqurma və təmir işləri nəticəsində yanacaq sərfi azalmış, 420 tondan çox şərti yanacağa qənaət edilmişdir.
Xatırladaq ki, Avropada ilk açıq tipli istilik elektrik stansiyası olan Əli Bayramlı İES hər birinin gücü 150 meqavata bərabər 7 blokdan ibarətdir. Hazırda ölkəmizdə istehsal edilən elektrik enerjisinin təqribən 20 faizi bu stansiyanın payına düşür.