Əlillərə qayğı hamının insanlıq və mənəvi borcudur
Balakən, 3 dekabr, AZƏRTAC
Azərbaycanda əlillər, sağlamlıq imkanı məhdud insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, dövlət proqramları icra olunur. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 3-də Balakən şəhərində keçirilən bayram tədbirində səsləndirilib.
Bildirilib ki, hazırda rayonda 6217 nəfər əlil yaşayır. Onların 113-ü Qarabağ müharibəsi əlilidir. Vurğulanıb ki, əlillərin, sağlamlıq imkanları məhdud insanların sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına şərait yaradıb. Qeyd olunub ki, əlillərə qayğı hər kəsin insanlıq və mənəvi borcudur.
Tədbirdə çıxış edən əlillər onlara göstərilən diqqət və qayğıya, isti münasibətə görə minnətdarlıqlarını bildiriblər.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Beynəlxalq Əlillər Günü münasibətilə həmin gün Balakən rayonunda daha çox ehtiyacı olan yüz nəfər əlilə maddi yardım göstərilib.