CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə şikayət xarakterli müraciətlərin sayı minimuma enib
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, cari ilin avqust ayında 142- “Çağrı mərkəzi”nə daxil olan ümumilikdə 4 min 534 müraciətdən 93,6 faizi (4 min 245 müraciət) sorğu xarakteri daşıyıb. Sorğuların əksəriyyəti, yəni 61,5 faizi (2 min 613 müraciət) isə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar işəgötürənlər tərəfindən daxil olub. Belə ki, yeni istifadəyə verilən bu sistemdən istifadə qaydaları ilə bağlı bütün sorğu xarakterli müraciətlərə nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib.
“Çağrı mərkəzi”nə daxil olan ümumi müraciətlərin 1289-u sosial təminat növlərindən istifadə və müavinət, 187-si əlilliyin müəyyən edilməsi və reabilitasiya, 359-u məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 2699-u isə əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı ilə bağlı olub.